ABŞ Suriyadan çəkilirmi? | VİDEO

   ABŞ Suriyadan çəkilirmi? |    VİDEO
  03 İyun 2025    Oxunub:719
"Vaşinqton ABŞ Ordusunun Suriyadakı hərbi mövcudluğunu tədricən azaltmağa başlayıb".
Bu sözləri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi, həmçinin Ankaradakı səfiri Tom Barrak Türkiyənin "NTV" telekanalına müsahibəsində dilə gətirib. O, Suriyadakı vəziyyətlə yanaşı Türkiyə-ABŞ münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzada İsrail-HƏMAS müharibəsi ilə əlaqədar suallara da cavab verib.

Barrak vurğulayıb ki, Vaşinqton Suriyaya qarşı son 100 il ərzindəki siyasətinin "işə yaramadığını gördüyü" üçün bu ölkəyə yanaşmasını dəyişməyə qərar verib.

"Prezident Donald Tramp, Prezident Rəcəb Tayyib Ərdoğan inanılmaz bir iş görüblər. Onlar Suriyadakı yeni rejimə şans veriləcəyini bildiriblər. Bu addım gözlənilməz idi. Bu çərçivədə ABŞ Ordusunun Suriya ərazisindəki hərbi bazalarının sayının azaldılması da vacibdir. Hazırdakı 8 hərbi bazadan yalnız biri saxlanılacaq, qalanları fəaliyyətini dayandıracaq", - səfir diqqətə çatdırıb.


Xatırladaq ki, Tom Barrak mayın 29-da "Reuters" xəbər agentliyinə açıqlamasında "Suriya və İsrail arasında tezliklə sülh müqaviləsinin imzalanacağını" söyləyib. Onun sözlərinə görə, sülh prosesinin ilk mərhələsində ölkələrin bir-birinə qarşı hücumdan imtina paktı razılaşdırılmalı, eyni zamanda, sərhədlər dəqiq müəyyənləşdirilməlidir.
Barrak: "Suriya və İsrail sülh müqaviləsi imzalaya bilər"

Suriyada keçən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən bəri rəsmi Dəməşq və Tel-Əvivin birbaşa danışıqlara başlayıb. Danışıqlar sərhəd boyu gərginliyi səngitmək, münaqişənin qarşısını almaq məqsədi daşıyır. Hərçənd mənbələr danışıqların əhatə dairəsi və cari vəziyyəti ilə əlaqədar hər hansı təfərrüat verməyiblər. İsrail və Suriya da "Reuters"in yaydığı bu xəbərə rəsmi şərh verməyib.

Keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə, habelə onun daxilində hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu əməliyyatların yeganə məqsədi İsrail dövlətinin və xalqının təhlükəsizliyi qorumaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Suriya   Türkiyə   İsrail   danışıqlar  



Xəbər lenti